• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir
  • 05.05. 2018 / İMİŞLİ RAYONUNDA ÇILPAQ İLBİZLƏRİN YAYILMASI MÜŞAHİDƏ OLUNUB

24 İyun 2018
Dont risk

Nazirlər Kabinetinin qərarları

Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARı

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.4-cü, 1.7-ci, 1.12-ci, 1.15-ci, 1.18-ci və 1.20-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi Qaydaları”, “Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları”, “Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və Qaydası”, “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən hallar”, “Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları” və “Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin uçotu Qaydaları” təsdiq edilsin (əlavə olunur).[1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 7 dekabr 2006-cı il

                   № 260

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi

QA Y D AL A R ı

ı. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsini, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsini və bitki karantininin tətbiq edilməsini tənzimləyir.

1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər bitki karantini nəzarətində olan bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanması, satışı zamanı Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədilə bu Qaydalara riayət etməlidirlər.

 

ıı. KARANTİN OBYEKTLƏRİNİN MÜHAFİZƏSİNƏ YÖNƏLDİLMİŞ PROFİLAKTİK TƏDBİRLƏRİN GÖRÜLMƏSİ VƏ BİTKİ MÜHAFİZƏSİ TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ

 

2.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (bundan sonra - Dövlət Xidməti) Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq, karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirir:

2.1.1. bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, karantin nəzarətində olan digər obyektlərdə müntəzəm olaraq müşahidələri və müayinələri aparmaq;

2.1.2. Azərbaycan Respublikasına gətirilən və respublikadan aparılan karantin nəzarətində olan materiallara qanunvericiliklə müəyyən olunmuş qaydada fitosanitar baxışı keçirmək və laboratoriya ekspertizası aparmaq;

2.1.3. fitosanitar nəzarətində olan zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsini yaradan halları müəyyən etmək və müvafiq bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq;

2.1.4. karantin nəzarətində olan materialları qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövriyyədən çıxarmaq, zərərsizləşdirmək və ya məhv etmək;

2.1.5. aqroekosistemlərdə karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcısı olan obyektləri zərərsizləşdirmək;

2.1.6. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bitki mühafizəsi məsələlərinə dair tövsiyələr vermək;

2.1.7. fitosanitar nəzarətində olan karantin obyektlərində zərərli orqanizmləri vaxtında aşkar etmək, onların təcrid olunması və ləğvi üçün müvafiq tədbirlər görmək;

2.1.8. Azərbaycan Respublikasının ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq, onların mənbələrinin ləğvi üçün müvafiq məhdudiyyətlər qoymaq;

2.1.9. Azərbaycan Respublikasının ərazisində bitkilərin zərərli orqanizmlərlə sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək, kütləvi çoxalması və yayılması barədə məlumatları əldə etmək;

2.1.10. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının əkin sahələrində və çoxillik əkmələrində, meşələrdə, otlaq və biçənəklərdə, toxum və əkin materiallarında zərərverici, xəstəlik və alaq otlarına qarşı aparılan kimyəvi, bioloji və digər bitki mühafizə tədbirlərinin elmi əsaslarla aparılmasına nəzarət etmək;

2.1.11. bitki mühafizəsi və karantini tədbirlərinin elmi-praktik əsaslarla həyata keçirilməsini təmin etmək və bu sahədə kadrların hazırlanması və ixtisaslaşdırılması üçün zəruri tədbirlər görmək;

2.1.12. fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək və qanunvericiliklə məyyən olunmuş qaydada xarici ölkələrin müvafiq qurumları ilə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurmaq.

 

ııı. BİTKİ KARANTİNİNİN TƏTBİQ EDİLMƏSİ

 

3.1. Ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə, onların yayılmasının məhdud dairədə qalması üçün müvafiq fitosanitar tədbirləri aparmaq və lazımi nəzarət sistemini tətbiq etmək məqsədilə Dövlət Xidməti həmin ərazidə karantin elan edilməsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təklif verir.

Zərərli orqanizmin yayılması dərəcəsindən asılı olaraq təsərrüfatda, müəssisədə, yaşayış məntəqəsində, şəhərdə, rayonda və digər ərazilərdə bitki karantini rejimi tətbiq edilə bilər.

Karantin tətbiq edilən zərərli orqanizmlər təsərrüfatda, müəssisədə, yaşayış məntəqəsində, şəhərdə, rayonda və digər məhdud dairədə yayıldığı halda bitki karantini rejimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, iki və daha çox rayonlarda isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq edilir.

3.2. Ərazidə karantin rejiminin tətbiq edilməsi barədə qəbul olunmuş qərarlarda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

3.2.1. karantin elan olunmasının səbəbləri;

3.2.2. karantin elan olunan ərazinin yeri və hüdudları;

3.2.3. karantin məhdudiyyətləri və fitosanitar tədbirlərinin siyahısı.

3.3. Ərazidə karantin rejiminin tətbiq edilməsi barədə məlumat dərhal rəsmi elan olunur və həmin ərazidə olan hüquqi şəxslərə və əhaliyə Dövlət Xidməti tərəfindən xəbərdarlıq edilir.

3.4. Karantin elan olunan ərazilərdə aşağıdakı məhdudiyyətlər və fitosanitar tədbirlər tətbiq edilir:

3.4.1. zərərli orqanizmlərə qarşı Dövlət Xidmətinin müəyyən etdiyi bitki mühafizə tədbirlərinin həyata keçirilməsi;

3.4.2. karantin elan olunan ərazidən və həmin əraziyə, habelə ərazi daxilində bitki və bitkiçilik məhsullarının daşınmasına məhdudiyyətlərin qoyulması;

3.4.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə qadağa qoyulması.

3.5. Dövlət Xidməti məqsədəuyğun hesab etdiyi halda karantin elan olunan əraziyə bitişik ərazidə olan torpaq sahəsinin mülkiyyətçisinə (istifadəçisinə), müəyyən vaxt ərzində, öz ərazisində fitosanitar tədbirlərin həyata keçirilməsi barədə rəsmi bildiriş verir və onun qarşısında qanunvericiliklə nəzərdə tutulmuş tələblər qoyur.

3.6. Torpaq sahəsinin mülkiyyətçisi (istifadəçisi) bu tələblərə əməl etmədiyi halda Dövlət Xidməti bildirişdə tələb olunan fitosanitar tədbirləri həyata keçirmək məqsədilə bu ərazidə olan bitkilərin, bitkiçilik məhsullarının və zərərli orqanizmlərin məhv edilməsi barədə qərar qəbul edir.

3.7. Karantin elan olunan ərazilərdə məhdudiyyətlərin qoyulması və fitosanitar tədbirlərin aparılması xərcləri qanunvericiliklə müəyyən olunmuş hallarda dövlət büdcəsinin vəsaiti, digər hallarda isə torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) vəsaiti hesabına həyata keçirilir.

3.8. Dövlət Xidməti karantin elan olunan ərazini müntəzəm olaraq tədqiq edir və karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcudluğunu daim nəzarətdə saxlayır.

3.9. Dövlət Xidməti fitosanitar tədbirlərin aparılmasından sonra zərərli orqanizmlərlə sirayətlənmiş ərazidə və ya onun bir hissəsində karantin rejiminin götürülməsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təklif verir.

3.10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya həmin Nazirliyin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti karantin elan olunmuş ərazini zərərli orqanizmlərdən aşağıdakı hallarda azad elan edir:

3.10.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcud olmamasına əmin olduqda;

3.10.2. ərazinin zərərli orqanizmlərdən azad olunması məqsədilə nəzərdə tutulmuş fitosanitar tədbirlər tam həyata keçirildikdə;

3.10.3. zərərli orqanizmlərdən azad ərazinin statusunun saxlanılmasına əmin olmaq məqsədilə müşahidələr keçirildikdə.

3.11. Bitki və bitkiçilik məhsullarının karantin elan olunmuş ərazilərdən daşınmasına yalnız zərərli orqanizmlərdən azad elan olunduqdan sonra yol verilir.

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi

 

QA Y D A L A R ı

 

1. Bu Qaydalar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsini tənzimləyir.

2. Hüquqi və fiziki şəxslərə məxsus olan obyektlərdə fitosanitar nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (bundan sonra - Dövlət Xidməti) tərəfindən həyata keçirilir.

3. Fitosanitar nəzarəti aşağıdakıları əhatə edir:

3.1. hüquqi və fiziki şəxslər tərəfindən fitosanitar nəzarəti qanunvericiliyinin tələblərinə əməl olunmasını;

3.2. Azərbaycan Respublikasının ərazisinə başqa ölkələrdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yaradılmasının qarşısını almaq üçün fitosanitar tədbirlərinin təşkilini və həyata keçirilməsini;

3.3. bitki və bitkiçilik məshullarının istehsalı, tədarükü, satışı, saxlanması və daşınması zamanı fitosanitar qaydalarına və normativlərinə əməl edilməsini;

3.4. fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyi və yayılma səbəbləri və şəraiti üzrə müşahidənin aparılmasını, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi olan fitosanitar tədbirlərinin müəyyən edilməsini və həyata keçirilməsini;

3.5. pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini;

3.6. qanunvericiliklə nəzərdə tutulan digər məsələləri.

4. Dövlət Xidməti fitosanitar nəzarəti həyata keçirərkən aşağıdakı hüquq və vəzifələrə malikdir:

4.1. qanunvericiliklə müəyyən olunmuş qaydada bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq üçün onlara müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə lazımi məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;

4.2. qanunvericiliklə müəyyən olunmuş qaydada bitki və bitkiçilik məhsullarının idxalı və ixracına, Azərbaycan Respublikasının ərazisində tranzit daşınmasına və dövriyyəsinə fitosanitar nəzarətini həyata keçirmək, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada onları saxlamaq, dövriyyədən çıxarılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi üçün tədbirlər görmək;

4.3. fitosanitar nəzarətində olan karantin obyektlərinə öz səlahiyyətləri daxilində rəy vermək;

4.4. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və satış yerlərində bitki mühafizə vasitələrinin saxlanılmasını və satışını qadağan etmək;

4.5. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçotunu aparmaq;[2]

4.6. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdən təhlükəsizlik qaydalarına riayət edilməsini, ətraf mühitin çirklənməsinə yol verilməməsini və çirklənmənin ləğv edilməsini tələb etmək, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb məhv edilməsi haqqında qərar qəbul etmək;

4.7. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə hüquqi və fiziki şəxslərə məhdudiyyətlər qoymaq, xəbərdarlıq etmək və profilaktik tədbirlər görmək;

4.8. qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalının, satışının, idxalının və ixracının qarşısının alınması üçün müvafiq tədbirlər görmək;

4.9. bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində pestisidlərin, digər zəhərli kimyəvi maddələrin və onların birləşmələrinin qalıq miqdarına qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəzarətini həyata keçirmək;

4.10. torpaq istifadəçiləri tərəfindən aqrotexniki, kimyəvi, bioloji və digər tədbirlərin aparılmasına, bitki mühafizə vasitələrinin istifadəsi reqlamentlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;

4.11. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə daxilində bir ərazidən digər əraziyə yayılmasının qarşısını almaq üçün müvafiq məhdudiyyətlər qoymaq;

4.12. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasına görə hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;

4.13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquq və vəzifələri həyata keçirmək.

5. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və səlahiyyətləri:

5.1. zərurət olduğu hallarda öz ərazilərində və obyektlərində Dövlət Xidmətinin müraciətinə əsasən fitosanitar nəzarəti və baxışının keçirilməsi və fitosanitar nəzarətində olan karantin obyektlərinin və ya bitki mühafizə vasitələrinin təqdim edilməsi üçün lazımi şərait yaratmaq;

5.2. bitki mühafizə vasitələrinin saxlanmasına, daşınmasına, istifadə edilməsinə və zərərsizləşdirilməsinə qanunvericiliklə müəyyən olunmuş qaydada riayət etmək, ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə yol verməmək;

5.3. karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün fitosanitar tədbirlərin qanunvericiliyə uyğun yerinə yetirilməsini təmin etmək;

5.4. fitosanitar tədbirlərin yerinə yetirilməsi üçün dövlət fitosanitar nəzarəti xidmətinin qərar və göstərişlərinə əməl etmək;[3]

5.5. fəaliyyət göstərdikləri ərazilərdə və digər yerlərdə karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu barədə Dövlət Xidmətinə vaxtında məlumat vermək;

5.6. fitosanitar nəzarətində olan karantin obyektlərinin zərərsizləşdirilməsi və təmizlənməsi zərurəti yarandığı hallarda bu tədbirlərin görülməsi üçün köməkçi işçilər ayırmaq.

6. Dövlət nəzarətinin təşkili və keçirilməsi formaları “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilir.

7. Fitosanitar nəzarətinin nəticələri qanunvericiliklə müəyyən olunmuş qaydada icrası məcburi olan qərarlarla və göstərişlərlə rəsmiləşdirilir.

8. Hüquqi və fiziki şəxslər onlara məxsus obyektlərdə fitosanitar nəzarətini həyata keçirən Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən bu Qaydalara uyğun verilmiş qərar və göstərişlərə əməl etmədikdə, mövcud qanunvericiliyə müvafiq məsuliyyət daşıyırlar.

9. Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətini həyata keçirən Dövlət Xidmətinin vəzifəli şəxsləri hərəkətlərinə və qəbul etdikləri icrası məcburi olan qərarlara və göstərişlərə görə mövcud qanunvericiliyə müvafiq məsuliyyət daşıyırlar.

10. Hüquqi və fiziki şəxslər fitosanitar nəzarətini həyata keçirən Dövlət Xidmətinin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.[4]

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və

 

Q A Y D A S ı

 

1. Bu Qayda “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi hallarını və qaydasını müəyyən edir.

2. İdxal edilmiş və müəyyən olunmuş qaydada fitosanitar tədbirləri nəticəsində karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmədən azad olunmuş məhsullar (bundan sonra - yük) zərərsizləşdirildikdən sonra sahibi tərəfindən 5 gün müddətində geri götürülməlidir.

3. Yük bu Qaydanın 2-ci bəndində göstərildiyi müddət ərzində sahibi tərəfindən geri götürülmədiyi təqdirdə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) müvafiq rayon, şəhər və ya sərhəd fitosanitar nəzarəti məntəqəsinin rəhbərliyi yükün məhv edilməsi barədə qərar qəbul edə bilər.[5]

4. Yük aşağıdakı hallarda məhv edilir:

4.1. zərərsizləşdirildikdən sonra sahibi tərəfindən müəyyən müddətdə geri götürülmədiyi barədə dövlət fitosanitar müfəttişinin aktı tərtib olunduqda;

4.2. uzun müddət qaldığından yararsız hala düşdükdə.

5. Rayon, şəhər və ya sərhəd fitosanitar nəzarəti məntəqəsinin rəhbərliyi yükün məhv edilməsi barədə qərar qəbul edərkən müvafiq komissiya yaradır (lazım gəldikdə aidiyyəti təşkilatları cəlb etməklə). Komissiya tərəfindən yükə baxış keçirilir, yükün məhv edilməsi barədə üç nüsxədən ibarət akt tərtib edilir və Dövlət Xidmətinin müəyyən etdiyi və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış yerlərdə məhv edilir. Aktın bir nüsxəsi müvafiq rayon, şəhər və ya sərhəd fitosanitar nəzarəti məntəqəsinə, ikinci və üçüncü nüsxələri isə müvafiq olaraq məlumat üçün Dövlət Xidmətinə və yük sahibinə (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) göndərilir.[6]

6. Fitosanitar nəzarəti zamanı həyata keçirilən fitosanitar tədbirlərin xərci və məhv edilən yükün dəyərinin məsuliyyəti idxal edənin üzərinə düşür.

7. Dövlət Xidməti yükün məhv edilməsi barədə ixracatçı ölkənin müvafiq bitki karantini və mühafizəsi təşkilatına məlumat verir.

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən

 

H A L L A R

 

1. Bu hallar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və karantin elan olunan ərazilərdə müvafiq fitosanitar tədbirlərin aparılması xərclərinin dövlət büdcəsi hesabına həyata keçirilməsini müəyyən edir.

2. Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən hallar aşağıdakılardır:

2.1. qanunvericiliklə müəyyən olunmuş qaydada ərazilərdə karantin elan olunması barədə müvafiq qərarlarda göstərilən məhdudiyyətlər və fitosanitar tədbirlər;

2.2. karantin tətbiq edilən zərərli orqanizmlər sayılmayan, lakin karantin elan olunan ərazilərdə xüsusi təhlükə yaradan zərərvericilərə (siçanabənzər gəmiricilər, Mərakeş çəyirtkəsi, taxıl böcəyi və s.) qarşı mübarizə;

2.3. zərərli orqanizmlərin kütləvi yayılmasına qarşı ləğvedici tədbirlərin aparılması üçün pestisidlərin alınması və tətbiq edilməsi;

2.4. zərərli orqanizmlərin yayılma zonasında təcrid rejiminin saxlanması məqsədilə karantin nəzarəti postlarının qoyulması;

2.5. zərərli orqanizmlərlə sirayətlənməsindən asılı olaraq bitki və bitkiçilik məhsullarının götürülməsi, məhv edilməsi və ya qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi zərərsizləşdirilməsi;

2.6. karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, profilaktikası və qarşısının alınması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsi.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti hər il dövlət büdcəsinin layihəsi hazırlanan zaman dövlət büdcəsi hesabına həyata keçirilən hallar üzrə fitosanitar tədbirlərin aparılmasına dair müvafiq xərclərin hesablamalarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Hesablamalar yoxlanıldıqdan sonra lazım olan vəsaitlər Dövlət Fitosanitar Nəzarəti Xidmətinə ayrılan vəsaitlər bölməsində nəzərdə tutulur.

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi

 

Q A Y D A L A R ı

 

1. Bu Qaydalar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil

olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsini tənzimləyir.

2. Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) xüsusi təlimatlandırılmış, bu sahədə müvafiq səlahiyyət verilmiş fumiqasiya dəstəsi (bundan sonra - fumiqasiya dəstəsi) tərəfindən həyata keçirilir.

3.Qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

4. Fitosanitar nəzarəti nəticəsində karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, bu Qaydalarda nəzərdə tutulan zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı (alğı-satqısı), habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

5. Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi nəzərdə tutulur.

6. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilə əsasında və onların hesabına aparılır.

Göstərilən fitosanitar xidmətə görə ödənilən vəsaitin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.

7. Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, lakin zərərsizləşdirilməsi mümkün olmadığı halda yük müəyyən edilmiş qaydada geri qaytarılır.

8. Fumiqasiya dəstəsi bitki və bitkiçilik məhsullarının zərərverici və xəstəlik törədicilərini zəhərli buxar, qaz və ya aerozol vasitəsilə zəhərləyərək məhv etmək üçün maye, bərk və qaz halında olan pestisidlərdən istifadə edir.

9. Fumiqasiya dəstəsi tərəfindən zərərsizləşdirmə zamanı xüsusi geyim formalarından və mühafizə vasitələrindən istifadə olunmalı, təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.

10. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi onların xüsusiyyətlərindən, miqdarından, sirayətlənmənin dərəcəsindən və digər amillərdən asılı olaraq Dövlət Xidmətinin müvafiq təlimatı əsasında və rayon (şəhər)və ya sərhəd fitosanitar nəzarəti məntəqəsinin nümayəndəsinin nəzarəti altında aparılır.[7]

11. Zərərsizləşdirmədən sonra fumiqasiya dəstəsi tərəfindən iki nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi zərərsizləşdirilən materialın (yükün) sahibinə (daşıyıcısına və ya digər səlahiyyətli şəxsə) təqdim olunur, ikinci nüsxəsi isə Dövlət Xidmətində saxlanılır.

Aktda aşağıdakılar öz əksini tapmalıdır:

fumiqasiya dəstəsinin nümayəndəsinin soyadı, adı, atasının adı, tutduğu vəzifə;

zərərsizləşdirməyə nəzarət edən Dövlət Xidmətinin nümayəndəsinin soyadı, adı, atasının adı və tutduğu vəzifə;

karantin nəzarətində olan materialları zərərsizləşdirilməyə təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı (hüquqi şəxs üçün - təşkilatın adı və hüquqi ünvanı);

məhsulun mənbəyi;

zərərsizləşdirmənin yeri, ekspozisiyası (saat, dəqiqə);

havanın temperaturu;

pestisidin adı, tətbiq norması;

zərərsizləşdirilən materialın (yükün) deqazasiyası (saat);

digər zəruri məlumatlar.

12. Bu Qaydalara uyğun zərərsizləşdirilmiş karantin nəzarətində olan materialları müşayiət edən sənədlərdə (fitosanitar sertifikatı, təkrar ixracat sertifikatı, daxili karantin sertifikatı) aparılan əməliyyatlar öz əksini tapmalıdır.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin uçotu

 

Q A Y D A L A R ı

 

1. Bu Qaydalar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.20-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və qeyri-dövlət fitosanitar subyektlərinin uçotunu tənzimləyir.

2. Kənd təsərrüfatına aqrokimyəvi xidmət və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, daşınması, saxlanması, satışı və tətbiqi sahəsində sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər (bundan sonra - qeyri-dövlət fitosanitar xidmətinin subyekti) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları (bundan sonra - Dövlət Xidməti) tərəfindən uçota alınmalıdırlar.

3. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin uçota alınması ödənişsiz həyata keçirilir.

4. Qeyri-dövlət fitosanitar xidməti subyekti uçota alınması üçün ərizə ilə Dövlət Xidmətinə müraciət etməlidir.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

hüquqi və ya fiziki şəxslərin və onların bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyətinə cəlb ediləcək mütəxəssislərin müvafiq ixtisasa malik olmalarını təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti.

5. Qeyri-dövlət fitosanitar xidməti subyektləri uçota alınmaları barədə təqdim etdikləri ərizədə və digər sənədlərdə göstərilən məlumatların düzgünlüyünə cavabdehdirlər.

6. Təqdim olunan ərizə və bu Qaydaların 4-cü bəndində nəzərdə tutulmuş sənədlər Dövlət Xidməti tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən başlayaraq, 10 gün müddətində baxılır və imtina üçün əsas olmadıqda, qeyri-dövlət fitosanitar xidməti subyekti uçot reyestrinə daxil edilir və bu barədə müraciət edənə rəsmi məlumat verilir.

7. Bu Qaydalarda göstərilən əsaslarla qeyri-dövlət fitosanitar xidməti subyektinin uçota alınmasından imtina edildiyi halda müraciət edənə imtinanın səbəbləri göstərilməklə, yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra həmin sənədlərə 3 gün müddətində baxılır və qeyri-dövlət fitosanitar xidməti subyekti uçota alınır.

8. Qeyri-dövlət fitosanitar xidməti subyekti hər üç ildən bir uçot reyestrində öz fəaliyyətini təsdiqləməlidir.

9. Qeyri-dövlət fitosanitar xidməti subyektinin uçot reyestrinə daxil olmasından aşağıdakı hallarda imtina edilir:

bu Qaydaların 4-cü bəndində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda.

10. Bu Qaydalara uyğun olaraq uçota alınmış qeyri-dövlət fitosanitar xidməti subyekti qanunvericiliklə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən görülən fitosanitar tədbirləri barədə mütəmadi şəkildə Dövlət Xidmətinə məlumat verməlidir.

11. Dövlət Xidməti qeyri-dövlət fitosanitar xidməti subyektlərinin bu Qaydalara uyğun uçota durmadan fitosanitar xidməti sahəsində sahibkarlıq fəaliyyəti göstərmələrini aşkar etməli və onların uçota alınması üçün müvafiq tədbirlər görməlidir.

12. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin uçot məlumatlarında hər hansı bir dəyişiklik baş verdikdə, yaxud onlar fitosanitar xidməti sahəsində fəaliyyətlərini dayandırdıqda, dəyişiklik baş verən gündən 15 gün müddətində Dövlət Xidmətinə məlumat verməlidirlər.

13. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin fəaliyyətlərini dayandırması onların uçotdan çıxarılmasına əsas vermir.

14. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ləğv edildikdə və ya onlar bu fəaliyyətlərinə xitam verilməsi barədə müraciət etdikdə, habelə sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxs vəfat etdikdə bu subyektlər uçotdan çıxarılmalıdır.

15. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin fəaliyyətinin dayandırılması və ya uçotdan çıxarılması barədə qeyd Dövlət Xidmətinin xüsusi kitabına daxil edilir.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHıSı

 

1.       16 yanvar 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 39)

2.       28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)

3.       8 fevral 2010-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 150)

4.       4 dekabr 2014-cü il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

5.       05 fevral 2015-ci il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 fevral 2015-ci il, № 36)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHıSı

 

 


[1] 4 dekabr 2014-cü il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci hissəsindən “və “Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin uçotu Qaydaları” sözləri çıxarılmışdır.

 

[2] 8 fevral 2010-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 150) ilə "Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 4.5-ci bəndində "şəxsləri uçota götürmək" sözləri "şəxslərin Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçotunu aparmaq" sözləri ilə əvəz edilmişdir.

 

[3] 05 fevral 2015-ci il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 fevral 2015-ci il, № 36) ilə “Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.4-cü bəndində “müfəttişləri tərəfindən verilmiş qərarlara və göstərişlərə” sözləri “nəzarəti xidmətinin qərar və göstərişlərinə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 16 yanvar 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 39)«Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 10-cu bəndində «müəyyən olunmuş qaydada» sözləri «inzibati qaydada və (və ya)» sözləri ilə əvəz edilmişdir.

 

[5] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə edilmiş "Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və Qaydası"nın 3-cü bəndindən "və ya sərhəd" sözləri çıxarılmışdır.

 

[6] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə edilmiş "Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və Qaydası"nın 5-ci bəndindən (hər iki halda) "və ya sərhəd" sözləri çıxarılmışdır.

 

[7] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları"nın 10-cu bəndindən "və ya sərhəd" sözləri çıxarılmışdır.

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45