• 19.07.2018/ Tovuz rayonunda kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır
  • 18.07.2018/ FÜZULİ VƏ AĞDAMDA PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ" MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB
  • 14.07.2018/ Gürcüstandan Azərbaycana İtaliya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb
  • 13.07.2018/ Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
  • 11.07.2018/ Saatlı və Sabirabad rayonlarında fermerlər üçün maarifləndirici təlim keçirilib
  • 11.07.2018/ Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

21 İyul 2018
Dont risk

Nəşrlər

AZƏRBAYCAN ŞƏRAİTİNDƏ ADİ ZAQAFQAZİYA TAXIL BÖCƏYİNİN BİOLOGİYASı VƏ ZƏRƏRVERMƏ QABİLİYYƏTİ

C.A.QULİYEV,biologiya elmləri namizədi Dövlət Fitosanitar Nəzarəti Xidməti

Azərbaycanda taxıl böcəklərindən Taxıl böcəyinin(Zabrus tenebrioides geoze)yarımnövü olan Adi Zaqafqaziya taxıl böcəyi(Z.tenebrioides elonqatus Men.),Dağ taxıl böcəyi (Z.spinipes ruqosus Men.) və Cənubi Taxıl böcəyi (Z.morio Men.)yayılmışdır.Bu böcəklərin xarici görünüşü ,həyat tərzi və bitkiyə vurduqları zədələr oxşardır,lakin geniş yayılmasına və zərərvurma dərəcəsinə görə birinci yerdə Adi Zaqafqaziya taxıl böcəyi durur.Zərərverici 20%-30%,bəzən 70%-80% məhsul itkisinə səbəb ola bilir.(Səmədov,1963)

Buğda,arpa.çovdar,vələmir və qarğıdalı əkinlərinə ciddi zərər vurur,həmçinin yabanı dənli taxıl bitkiləri ilə qidalanır.Taxıl böcəyinin zərərvermə  qabiliyyəti dəmyə əkinlərdə daha yüksəkdir.

 Geniş təsadüf  edilən və təhlükəli növ olduğu  üçün zərərvericinin biologiyasının və zərərvermə qabiliyyətinin yeni aspektlərinin tədqiq edilməsi zərurəti yaranır.Azərbaycanın özünə məxsus təbii iqlim şəraitinə malik müxtəlif zonalarında zərərvericiyə qarşı biosenoloji prinsipə uyğun mübarizə tədbirlərinin işlənib hazırlanması ilk növbədə konkret arealda zərərvericinin bitkilərin fenologiyasına uyğun inkişafının ,populyasiyanın sıxlığından və sürfələrin yaş həddindən asılı olaraq zərərvericiliyinin dəyişilməsinin ətraflı öyrənilməsini tələb edir.Ona görə də,bu məqsədlə elmi-tədqiqat işlərinin aparılması nəzəri,təcrübi və aktual əhəmiyyət kəsb edir.

 Stasionar təcrübələr 1996-2006-cı illərdə Naxçıvan MR-da,Şəki-Zaqatala və Muğan-Salyan zonalarında aparılmışdır.Taxıl böcəyinin zərərvericiliyinin və zərərvermə həddinin öyrənilməsi məqsədilə ümumi qəbul olunmuş metodikalara(Tanskiy,1987;1988 )buğda bitkisinin fenologiyasına və zərərvericinin inkişaf  biologiyasına uyğun əlavələr edilmişdir.Sürfə və böcəklərin zərərvermə qabiliyyətinin öyrənilməsi məqsədilə hər birinin sahəsi 0,25m2  olmaqla 8 variantda,beş qat təkrarda təcrübələr aparılmışdır.Sürfələrin zərərvermə qabiliyyətinin öyrənildiyi variantlarda hər təkrarın sahəsinin kənarına 40-50 sm dərinlikdə xüsusi lövhə qoyulmuşdur(başqa sürfələrin təcrübə sahəsinə daxil olmasının qarşısını almaq məqsədilə),böcəklərin zərərvermə qabiliyyətinin öyrənildiyi variantlarda isə 150 X  50  X 50 sm ölçülü 20ədəd qəfəsdən istifadə edilmişdir.

Məhsul yığımı zamanı hər variantda bitki ,gövdə,sünbül və dənlərin sayı hesablanmış ,sonra isə bir bitkidən gövdə və sünbülün sayı ,sünbüldə dənin sayı,1000 dənin çəkisi,bir bitkinin və bir m2 sahənin məhsulu müəyyən edilmişdir.

Taxıl sahələrində süfrələr qeyd edilirsə əkinin sıxlığı, sürfələrin sayı və yaşı müəyyən edilir. Bunun üçün hər 100 ha-da 0,1 m 2  ( 33 X 33sm) ölçülü 25 nümunə götürülür. Laboratoriyada 10 nümunədə bütün gövdələr sayılır, 5 nümunə isə 1 m 2 –da yarpaq səthini (sm 2)  təyin etmək üçün götürülür, sonra isə bu nümunə sahələri 25-30 sm dərinlikdə qazılır. Torpaq diqqətlə götürülərək zərərvericinin sürfə və yumurtaları sayılaraq 1 m 2 –da sayı təyin edilir. Sürfələrin yaşı baş kapsulunun eninə uyğun müəyyənləşdirilir: birinci yaş 1mm-ə qədər, ikinci yaş 1,65-1,85, üçüncü 2,75-3,1 mm.

          Dişi fərdlərin yumurta qoymaları avqustun sonu və ya sentyabrın əvvələrində başlayaraq oktyabrın ıı-ongünlüyünə qədər davam edir. Yumurtaları torpağın nəmliyindən asılı olaraq 7-10 sm dərinliyə qoyur, hər komada 10-15, bəzən daha çox yumurta olur. Bir dişi fərd 60-90, əlverişli şərait olduqda isə 200-dən artıq yumurta qoya bilir. Torpağın nəmliyindən və temperaturundan asılı olaraq zərərvericinin embrional inkişafı 12-15 gün davam edir. Yumurtaların formalaşması və qoyulması dövründə (iyul-sentyabr) yağıntıların miqdarı çox olduqda zərərvericinin miqdarı artır, yağıntılar az olduqda isə kəskin surətdə azalır.

          Dağlıq və dağətəyi ərazilərdə ilk sürfələrə sentyabr ayının 25-dən, aran zonada isə sentyabrın 15-dən etibarən təsadüf edilir. Bu zaman torpaqda nəmliyin miqdarı böyük rol oynayır. Kifayət qədər nəmlik olduqda süfrələr daha tez doğulur və inkişafları payızda qurtarır. Yazda belə süfrələr demək olar ki, qidalanmadığı üçün zərər vurmur.

          Qidalanmayan süfrələr digərlərindən rənglərinin ağ və ya sarı olması ilə fərqlənir. Payız quraqlıq olduqda və ya havalar tez soyuduqda süfrələrin inkişafı uzanır, qidalanması başa çatmamış kiçik yaşlı süfrələr qışlayır və əsasən yazda zərər vurur. Sürfələr əvvəlcə yerə tökülmüş dənlərin və yabanı taxılların cücərtiləri ilə qidalanır. Qidalanma davamlı şaxtalar düşənə qədər davam edir. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış süfrələr qışda da qidalanır.

          Adi Zaqafqaziya taxıl böcəyinin süfrələri torpaqda düzəltdikləri yuvalarda yaşayır. Günəş batdıqdan sonra yer üzərinə çıxan süfrələr taxıl cücərtilərinin yarpaqları ilə qidalanmağa başlayır. Sürfələr bəzən yarpaqların uclarını yuvalara dartaraq gündüzlər də qidalanır. Bitkinin kök boğazı və kökü zədələnmədiyi üçün bitkilərin bir hissəsi böyüyərək bərpa olunur. Sürfələr çox acgöz və fəaldır.

       Qidalanmanın və ətraf mühit amillərinin təsirindən asılı olaraq ı-yaş sürfələri 35-40, ıı-yaş sürfələri 95-100, ııı-yaş sürfələri isə 55-80 gün ərzində inkişaf edir. (Səmədov,1963).

       Azərbaycanda sürfələr əsasən bütün 3 yaşda qışlamağa gedir. Yazda orta gündəlik temperatur 7-80-yə çatdıqdan sonra inkişafını başa çatdırmamış sürfələr yenidən qidalanmağa başlayır. Aprelin ıı-ongünlüyündən etibarən sürfələr puplaşmağa başlayır (kütləvi mayın əvvəlindən). Pup mərhələsi 13-19 gün davam edir.

         May ayının əvvəllərindən başlayaraq sonuna qədər ardıcıl olaraq aran, dağətəyi və dağlıq ərazilərdə cavan böcəklərə təsadüf edilir. Böcəklər də sürfələr kimi gecə həyat tərzi keçirir. Günəş batdıqdan sonra böcəklər gizləndikləri yerdən çıxaraq sünbüllərə daraşır və sünbül pulcuqlarını gəmirərək dolmaqda olan sənlərlə qidalanır. Əsasən dağlıq ərazilərdə, tutqun havalarda gündüzlər də təsadüf edilir. Böcəklər iyulun ıı-yarısından etibarən torpağın 25-30sm dərinliyinə girərək yay diapauzasına gedir. Onlar yay diapauzasından çıxdıqdan sonra cütləşir və yumurta qoymağa başlayır. İl ərzində 1 nəsil verir.

        Taxıl böcəyinin zərərvermə qabiliyyətinin öyrənilməsi istiqamətində aparılmış tətqiqat işləri nəticəsində, müəyyən edilmişdir ki,  bir böcək 20 gün ərzində 25-dən, cütü isə 44-dən zədələyir (Yastremski, 1935), gün ərzində isə 26-35 mq dən yeyir (Səmədov 1963). 1m2-da 6 sürfə olduqda 483 kq/ha, 1m2-da 10 böcək olduqda isə əlavə olaraq 152 kq/ha məhsul itkisinə səbəb olur (Fedko,1969). Hava şəraiti buğdanın becərilməsi üçün əlverişli olmadıqda (nəmlik çatışmadıqda) sürfələr tərəfindən əkinin 30% seyrəkləşdirilməsi nəticəsində 42% məhsul itkisi olduğu halda, kifayət qədər nəmlik olduğu illərdə əkinin 30% seyrəkləşdirilməsi 14,2% məhsul itkisinə səbəb olur. Yazlıq buğda əkini kifayət qədər rütubətlə təmin olunduqda kollanma fazasının başlandığından 25%-ə qədər bitki itirildikdə digər bitkilərin intensiv kollanması hesabına məhsul itkisinin kompensasiya edilməsi mümkündür (Tanskiy,1988). Bir m2-də 1000-1500 ədəd gövdə olduqda 15% gövdənin məhv edilməsi nəticəsində nəzarət variantına nisbətən məhsuldarlıq 23% artdığı halda, gövdələrin sayı 500-600 m2 olduqda 5-10% seyrəkləşmə məhsul itkisinə səbəb olur (Kryajeva, 1982).

      Taxıl böcəyinin zərərvermə qabiliyyəti zərərvericinin fenelogiyasından və inkişaf intensivliyindən, həmçinin payızlıq buğdanın fenelogiyasından asılı olaraq kəskin dəyişilir.

 

Adı Zaqafqaziya taxıl böcəyinin sürfələrinin payızlıq buğdanın məhsuldarlığına təsiri

Cədvəl 1

Göstəricilər

Sürfələrin sayı, 1m2/əd

Nəzarət variantına nisbətən azalma, %-lə

0

5

10

15

5

10

15

Bitkilərin sayı

318

292

271

238

8,2

14,8

25,2

1 bitkidə gövdələrin sayı

3,5

3,6

3,8

3,9

+2,3

+8,6

+11,4

1 bitkidə sünbüllərin sayı

1,4

1,5

1,7

1,8

+7,1

+21,4

+28,6

Sünbüldə dənin sayı

28,3

27,1

24,7

24,0

3,2

11,3

13,4

1000 dənin çəkisi, q

33,8

33,5

32,9

32,6

0,9

2,7

3,6

1 sünbüldə dənin çəkisi, mq

956,5

907,8

812,6

782,4

5,1

5,0

8,2

1 bitkinin məhsulu, mq

1339,2

1361,8

1381,5

1408,3

+1,7

+3,2

+5,2

1 m2da məhsul, q

425,9

397,6

374,4

335,2

6,7

12,1

21,3

                                         

Buğdaya taxıl böcəyinin imaqoları və sürfələri ziyan vurur. İmaqolar dənlə qidalanaraq məhsuldarlığı aşağı saldığı halda, sürfələr bitkiləri zədələyərək məhsul itkisinə səbəb olur.

Taxıl böcəyinin zərərvermə qabiliyyətinin tarla şəraitində tətbiq edilməsi nəticəsində  müəyyən edildi ki, 1 m2-da 5-15ədəd sürfə olduqda bitkilərin sayı  8,2-  25,2 % azalır, lakin zədələnmiş bitkilərin qida sahəsinin artması hesabına gövdələrin sayı 2,3-11.4%, sünbüllərin sayı isə 7,1-28.6% artır (cədvəl 1). Sünbüldə dənin sayının və çəkisinin azalmasına baxmayaraq bir bitkiyə düşən məhsul 1,7-5,2% artır. Lakin bitkilərin sayının azalması hesabına məhsuldarlıq 6,7-21,3% azalır.

Sürfələrin sayı ilə bitkilərin sayı arasında korrelyasiya əmsalı ç=-0,329 (p<0,001), sürfələrin sayı ilə bir bitkiyə düşən məhsul arasında isə ç=+0,189 alındı. Bu onu göstərir ki, sürfələrin sayı artdıqca bitkilərin sayının azalmasına baxmayaraq bitkilərin kompensasiya edici qabiliyyətinin və qida sahəsinin artması hesabına məhsul itkisi qismən bərpa edilir.

Sürfələrin sayından asılı olaraq məhsulun xüsusireqressiya əmsalı

bux= -5,29+1,35 alındı. Bu əmsal 1 sürfənin zərərli fəaliyyəti nəticəsində məhsulun 5,29q azalmasını göstərir və faktiki müəyyən edilmiş itki ilə (5,62+0.42) təxminən üst-üstə düşərək alınmış xüsusi reqressiya əmsalının etibarlı olduğunu sübut edir.

Taxıl böcəyinin imaqolarının zərərvermə qabiliyyəti özünü sünbüldə dənin sayının və 1000 dənin çəkisinin azalması ilə birüzə verir. Payızlıq buğdanın 1m2-da böcəklərin sayı 5-20 ədəd olduqda məhsuldarlıq 3,6-12,5% azalır (cədvəl 2).

Alınmış rəqəm materiallarının riyazi analizi nəti-

Cədvəl 2.

Adı Zaqafqaziya taxıl böcəyinin imaqolarının payızlıq buğdanın məhsuldarlığına təsiri

Göstəricilər

Zərərvericilərin sayı, 1 m2/əd.

0

5

10

20

1 sünbüldə dənin sayı

27,9

27,4

27,0

26,3

1 sünbüldə dənin çəkisi,mq

931,9

898,7

872,1

825,3

1000 dənin çəkisi, q

33,4

32,8

32,3

31,0

1 bitkinin məhsulu, mq

1304,6

1258,2

1220,9

1141,4

Cəmi məhsul, 1 m2/q

417,5

402,6

390,7

365,2

Məhsulun nəzarət variantına nisbətən azalması, q (%)

-

14,9 (3,6)

26,8(6,4)

52,3(12,5)

Alınmış rəqəm materiallarının riyazi analizi nəticəsində müəyyən edildi ki, 1 böcək zərərli fəaliyyəti nəticəsində 2,96 q (bux= -2,69±0,43) məhsul itkisinə səbəb olur. Bu itkinin 1,29 q-ı (bux= -1,29±0,31) böcəyin qidalanması zamanı dınin tökülməsi, 1,40 q-ı (bux= -1,40±0,37) isə dənin çəkisinin  azalması nəticəsində baş verir. Beləliklə, 1 m2 –da taxıl böcəyinin 1 ədəd sürfəsi sonradan isə 1 ədəd imaqosu qeyd edildikdə onların vurduqları ziyanın sadə riyazi cəmi 78,8 kq/ha məhsul itkisinə bərabərdir.

Beləliklə, Adi Zaqafqaziya taxıl böcəyinin sürfələri ilk növbədə bitkilərin sayının azaldılması yolu ilə məhsula birbaşa təsir edir. Lakin zədələnməmiş bitkilərin  kollanma enerjisinin  yüksəlməsi və qida sahəsinin artması hesabına  populyasiya səviyyəsində kompensasiya baş verdiyi üçün gövdələrin və sünbüllərin sayı artır. Nəticədə itki qismən kompensasiya edilir. Ancaq sünbüldə dənin sayının və çəkisinin azalması hesabına əlavə məhsul itkisi törənir.

Yetkin böcəklər dənlə qidalanaraq sünbüldə dənin sayının və çəkisinin azalması nəticəsində məhsul itkisinə səbəb olur. Bu halda itirilmiş məhsulun kompensasiya edilməsi istiqamətində populyasiyanın bərpaedici reaksiyası baş vermir.

Adi Zaqafqaziya taxıl böcəyinin zərərvermə qabiliyyətinə dair əldə etdiyimiz nəticələr əsasında zərərvericinin iqtisadi zərərvermə həddi (İZH) (5%-li məhsul itkisi həddi) müəyyən edilmişdir. 25-35 sen./ha məhsul verən sahələrdə sürfələrin İZH 1m2 –da 2,4-3,3 sürfəyə, böcəklərin İZH isə 3,7-5,6 böcəyə bərabərdir. Toxumluq taxıl əkinlərində bu hədd iki dəfə azaldılmalıdır. Lakin nəzər alsaq ki, Azərbaycanda yetkin böcəklərə qarşı mübarizə tədbirləri aparılmır və miqdarı İZH-dən aşağı olan sürfələr yetkin hala keçdikdən sonra əlavə məhsul itkisi törədir, onda zərərvericiyə qarşı mübarizə aparılarkən sürfə və böcəklərin itkisində zərərvermə qabiliyyətləri nəzərə alınmaqlı hesablanmış İZH –nə əsaslanmalıdır. Bu hədd adi taxıl əkinlərində 1 m2 da 1,6-2,2 sürfəyə, toxumluq taxıl əkinlərində isə 0,8-1,0 sürfəyə, toxumluq taxıl əkinlərində  isə  0,8-1,0 sürfəyə bərabərdir.

Deməli, zərərvericiyə qarşı kimyəvi dərmanlanmalar adi taxıl əkinlərində hər m2-da  1,6-2,2 sürfə, toxumluq taxıl əkinlərində isə 0,8-1,0 sürfə müşahidə edildikdə aparılmalıdır. Mühafizə tədbirlərinin zərərvericinin İZH əsasında aparılması mühafizə xərclərini, pestisidlərin ətraf mühitə zərərli təsirini azaldır, kimyəvi mübarizə üsulunu təkmilləşdirir və entomofaqların taxıl aqrobiosenozunda qorunub saxlanılmasına şərait yaradır.

Nəticə

Adi Zaqafqaziya taxıl böcəyinin zərərvermə qabiliyyəti, əsasən buğdanın və zərərvericinin fenologiyasından və inkişaf intensivliyindən asılı olmaqla öz təsirini bitkilərin sayının azaldılması ilə gösdərir. Bu zaman populyasiya səviyyəsində kompensasiya  baş verərək gövdələrin  və sünbüllərin sayının artmasına səbəb olaraq itkini qismən bərpa edir. Lakin sünbüldə dənin sayının və çəkisinin azalması hesabına əlavə itki törənir. Bir sürfə orta  hesabla 5,29 q məhsul itkisinə səbəb olur.

Taxıl böcəyinin  imaqolarının zərərvermə qabiliyyəti özünü sünbüldə dənin sayının və 1000 dənin çəkisinin azaldılması ilə biruzə verir. Bu halda itirilmiş məhsulun kompensasiya edilməsi istiqamətində populyasiyanın bərpaedici reaksiyası baş vermir. Bir böcək orta hesabla 2,69 q məhsul itkisinə səbəb olur.

Zərərvericinin iqtisadi zərərvermə həddi adi taxıl əkinlərində 1 m2-da 1,6-2,2 sürfəyə, toxumluq taxıl əkinlərində isə 0,8-1,0 sürfəyə bərabərdir.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45