• 19.07.2018/ Tovuz rayonunda kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır
  • 18.07.2018/ FÜZULİ VƏ AĞDAMDA PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ" MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB
  • 14.07.2018/ Gürcüstandan Azərbaycana İtaliya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb
  • 13.07.2018/ Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
  • 11.07.2018/ Saatlı və Sabirabad rayonlarında fermerlər üçün maarifləndirici təlim keçirilib
  • 11.07.2018/ Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

21 İyul 2018
Dont risk

Nəşrlər

Azərbaycan şəraitində taxıl sümürtgəninin ziyanvermə qabiliyyəti.

C.A.Quliyev, biologiya elmləri namizədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

Azərbaycanda sümürtgən böcəklərindən Anisoplia austriaca Hrbst, A. agricola Poda, A.leucaspis Cast., A.agnatha Rtt., A.alazanica Zaitz., A.antoniae Rtt., A.segetum Hrbst., A. signatus Fald., A. farraria Er., A. deserticola F.-W., A.pastuchovae Zaitz., A. reitteriana Sem. yayılmışdır.

Bunlardan üç növü – taxıl sümürtgəni (A.austriaca Hrbst.), xaçlı Qafqaz sümürtgəni (A. farraria Er.) və ağqalxanlı sümürtgən ( A. leucaspis Cast.) daha geniş yayılmışdır və taxıl bitkilərinin başlıca zərərvericiləri hesab olunur. Bu böcəklərin bioekoloji xüsusiyyətləri oxşardır, lakin geniş yayılmasına və ziyanvurma dərəcəsinə görə birinci yerdə taxıl sümürtgəni durur. Ədəbiyyat məlumatlarına əsasən bir yetkin böcək 50-90 dənlə qidalana və ya 3-6 sünbülü tam məhv edə bilir.

Böcəklər yabanı və mədəni taxılların yetişməkdə olan dənləri ilə qidalanır. Qidalanma zamanı onlar sünbülü baş ilə eşir və nəticədə bərkimiş dənlərin bir qismi yerə tökülür.

Geniş təsadüf edilən və təhlükəli növ olmasına baxmayaraq, taxıl sümürtgəninin bioekoloji xüsusiyyətləri və ziyanvermə qabiliyyəti istər  Naxçıvan  MR-da , istərsə də Azərbaycanın digər zonalarında kifayət qədər öyrənilməmişdir.Ona görə də bu məqsədlə elmi- tədqiqat işlərinin aparılması nəzəri, təcrübi və aktual əhəmiyyət kəsb edir.

Stasionar təcrübələr 1996- 2007- ci illərdə Naxçıvan MR- da, Şəki- Zaqatala zonasında və Muğan- Salyan yarımzonasında aparılmışdır. Taxıl sümürtgəninin ziyanvermə qabiliyyətinin və iqtisadi ziyanlı həddinin öyrənilməsi məqsədilə ümumi qəbul olunmuş metodikalara taxıl bitkilərinin fenologiyasına və zərərvericinin inkişaf biologiyasına uyğun əlavələr edilmişdir. Böcəklərin ziyanvermə qabiliyyətinin öyrənilməsi məqsədilə hər birinin sahəsi 1m2 olmaqla 8 variantda, beş qat təkrarda təcrübələr aparılmış,  böcəklərin sayının sabit saxlanılması və digər xarici təsirlərin kənarlaşdırılması məqsədilə 150 × 100 × 100 sm ölçülü 40 ədəd qəfəsdən istifadə edilmişdir.

Sahələrdə bütün təcrübə dövrü 3-5 gündən bir böcəklərin say qeydiyyatı aparılmışdır. Məhsul yığımından əvvəl bütün təcrübə sahələrində bitkilərin sıxlığı müəyyən edilmiş, böcəklər tərəfindən yerə tökülmüş dənlər hesablanmış və 50 sünbüldən nümunə götürülmüşdür. Döyüldükdən sonra dən çəkilmiş , sağlam və zədələnmiş dənlərə ayrılmış sonra isə bitki sıxlığı nəzərə alınmaq şərti ilə 1 m2-in məhsulu hesablanmışdır. 1m2 –də dənin sayı 1 sağlam dənin çəkisinə vurularaq potensial məhsuldarlıq müəyyənləşdirilmişdir. Hər sahədə böcəklərin orta hesabla sayı qeydiyyat günü  böcəklərin sayının qeydiyyatlar arasındakı günlərin sayına vurulması yolu ilə hesablanmış, hasil toplanmış və cəm böcəklərin əkinlərdə yaşama günlərinin ümumi sayına bölünmüşdür. Məhsul itkisi, böcəklərin sayı və zədələmə dövrünün uzunluğu göstəriciləri əsasında 1 böcək tərəfindən vurulan itki hesablanmışdır.

Respublikamızda taxıl sümürtgəni müxtəlif biosenozlarda və aqrobiosenozlarda yayılmışdır, lakin ən çox taxıl sahələrində rast gəlinir. Quru və az rütubətli mikroiqlimi olan rayonlarda daha çox ziyan vurur. Dəniz  səviyyəsindən  2000 m hündürlüyə qədər rast gəlinir.

ıkinci il qışlamadan sonra ııı yaş sürfələri aprelin sonu mayın əvvəllərində qidalanmanı bitirərək torpaqda xüsusi yer düzəldərək 8-15 sm dərinlikdə puplaşırlar. Pupu süd rəngində olur və tədricən tündləşir. Puplaşmadan 2-3 həftə sonra mayın ortasından başlayaraq puplardan böcəklər çıxmağa başlayır. Taxıl sahələrində böcəklərə iyun ayında  kütləvi rast gəlinir. Bu isə əsasən taxıllların süd, mum və tam yetişmə dövrünə düşür. Böcəklərin qidalanması zamanı dənlərin bir qisminin yerə tökülməsi nəticəsində onların ziyanvermə qabiliyyəti daha da artır.

Böcəklər bir neçə gün əlavə qidalandıqdan sonra adətən günün isti saatlarında cütləşirlər. Cütləşmədən bir müddət sonra iyunun ı – ongünlüyü dişi fərd torpağın 5-15 sm dərinliyinə girərək rütubətli qata 8-16 yumurta qoyur. Bir dişi fərd 2-3 dəfəyə 40-60 yumurta qoya bilir və yumurta qoymaq üçün yumşaq və rütubətli torpaq seçir. Yumurta qoyulmasından təxminən üç həftə sonra (iyunun ııı ongünlüyündən etibarən) qoyulmuş yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələrin tam inkişafı 21-22 aya başa çatır. Bu müddətdə onlar iki dəfə qışlayır, qabıq dəyişir və üç yaş keçirir.

Cavan sürfələr çürüntü və müxtəlif bitkilərin əmici telləri ilə qidalanır, iri yaşlı sürfələr isə müxtəlif bitkilərin  köklərini və kök boğazlarını gəmirir. Kütləvi çoxalma illərində sürfələr əkinlərdə seyrəklik əmələ gətirə bilir, lakin əsas ziyanı böcəklər yetişməkdə olan dənlə qidalanaraq törədir.

Böcəklər günün isti saatlarında daha fəal qidalanırlar. Axşam və səhər saatlarında, eyni zamanda buludlu və yağışlı havada sünbüldə böcəklərin miqdarı kəskin azalır. İsti quraqlıq illərdə kütləvi çoxaldığı halda, soyuq və yağışlı yay onların say miqdarının kəskin azalmasına səbəb olur.

Taxıl sümürtgəninin imaqolarının ziyanvermə qabiliyyətinin tarla şəraitində tədqiq edilməsi nəticəsində müəyyən edildi ki, 1m2 –də 5-15 ədəd böcək olduqda sünbüldə dənin sayı 0,4-3,1%,1000 dənin  çəkisi  0,5 - 1,8 % ,ümumi məhsul isə 3,8- 9,6 % azalır (cədvəl 1).

Sünbüldə dənin sayının azalması böcəklərin qidalanması və qidalanma zamanı artıq bərkimiş dənlərin bir qisminin yerə tökülməsi ilə bağlı olduğu halda 1000 dənin çəkisinin azalması çox ehtimal ki, böcəklərin qidalanma zamanı daha yaxşı inkişaf etmiş sünbülləri seçməsi ilə bağlıdır.

 

Cədvəl 1

Taxıl sümürtgəninin imaqolarının payızlıq buğdanın məhsuldarlığına təsiri

Göstəricilər

Zərərvericilərin sayı, 1m2/əd.

0

5

10

15

1m2-da bitkilərin sayı

328

341

319

334

1 bitkidə sünbüllərin sayı

1,5

1,4

1,5

1,4

1 sünbüldə dənin sayı

28,6

28,5

28,0

27,7

1 sünbüldə dənin çəkisi,mq

1123,9

1114,3

1086,4

1069,2

1000 dənin çəkisi, q

39,3

39,1

38,8

38,6

1 bitkinin məhsulu ,mq

1685,9

1560,1

1629,6

1496,9

Cəmi məhsul 1m2/q

552,9

531,9

519,8

499,9

 

1m2-də 5 böcək olduqda məhsuldarlıq 21q, 10 böcək olduqda 33,1q, 15 böcək olduqda isə 53q azalır. Orta hesabla 1m2-da 10 böcək olduqda və zərərverici 22 gün əkində qidalandıqda 1 böcək tərəfindən vurulan dən itkisi 3,7 ± 0,4q təşkil edir.

Taxıl sümürtgəninin imaqoları yetişməkdə olan dənlərlə qidalandığı üçün bitki tərəfindən dən itkisi bərpa olunmur. Böcəyin bu xüsusiyyəti onun ziyanvermə qabiliyyətinin düzxətli reqressiya analizinin vasitəsilə qiymətləndirilməsinə imkan verir. Eyni zamanda bu üsul tarla şəraitində əldə edilmiş nəticələrin etibarlılığının yoxlanılmasına şərait yaradır..

Böcəklərin sayı ilə məhsul arasında sadə reqressiya əmsalı b=-2,3±1,2 alındı. Bu əmsal onu göstərir ki, böcəklərin sayı vahid artıqca məhsul hər m2-də təxminən 2,3q azalır. Bu təcrübələr nəticəsində əldə edilmiş nəticədən hissediləcək dərəcədə azdır. Daha dəqiq nəticə əldə etmək  üçün  xüsusi reqressiya əmsalının hesablanması yolu ilə nəticələrə bitki sıxlığının təsiri neytrallaşdırılmalıdır. Xüsusi reqressiya  əmsalı bux = -3,5 ± 0,9 alınmaqla faktiki müəyyən edilmiş itki ilə (3,7 ± 0,4 ) təxminən üst-üstə düşərək alınmış xüsusi reqressiya əmsalının etibarlı olduğunu sübut edir.

Alınmış rəqəm materiallarının riyazi analizi nəticəsində müəyyən edildi ki, 1 böcək zərərli fəaliyyəti nəticəsində 3,5q məhsul itkisinə səbəb olur. Bu itkinin 2,9 q-ı ( bux = -2,9 ± 0,6) böcəyin qidalanması, 0,6 q-ı isə (bux = -0,6 ± 0,2 ) böcəyin qidalanması zamanı dənin tökülməsi nəticəsində baş verir. Beləliklə, 1m2 –da taxıl sümürtgəninin 1 ədəd imaqosu qeyd edildikdə vurduqları ziyanın sadə riyazi cəmi 35 kq/ha məhsul itkisinə bərabərdir. Bu itkinin 29 kq/ha – sı böcəklərin qidalanması, 6 kq/ha-sı isə böcəklərin qidalanması  zamanı yetişmiş dənlərin bir qisminin yerə tökülməsi nəticəsində baş verir.

Beləliklə , taxıl sümürtgəninin imaqoları sünbüldə dənin sayının və 1000 dənin kütləsinin azaldılması yolu ilə məhsula birbaşa təsir edir. Bu halda vegetasiyanın sonu olduğu üçün itirilmiş məhsulun kompensasiya edilməsi istiqamətində populyasiyanın bərpaedici reaksiyası baş vermir.

Taxıl sümürtgəninin ziyanvermə qabiliyyətinə dair əldə etdiyimiz nəticələr əsasında zərərvericinin iqtisadi  ziyanlı həddi (İZH) ( 5%-li məhsul itkisi həddi) müəyyən edilmişdir. 25-35 sen/ha  məhsul verən taxıl sahələrində imaqoların  İZH 3,5-5 böcək /m2  təşkil edir. Toxumluq taxıl əkinlərində istehsalın  rentabelliyinin yüksək olması nəzərə alınaraq 3%-li məhsul itkisi həddi (2-3 böcək/m2) qəbul edilməlidir.

Deməli, zərərvericiyə qarşı kimyəvi dərmanlamalar adi taxıl əkinlərində hər m2-da 3,5 -5 böcək, toxumluq taxıl əkinlərində isə 2-3 böcək müşahidə edildikdə aparılmalıdır.Mühafizə tədbirlərinin zərərvericinin İZH- əsasında aparılması pestisidlərin selektiv tətbiqinə imkan yaradır, onların sərf olunma normalarını, dərmanlanmaların sayını kəskin azaldır və nəticədə kimyəvi üsulu rasionallaşdırmaqla  davamlı aqrobiosenozların formalaşmasına səbəb olur. 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45