• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

22 May 2018
Dont risk

Fermerlərə məsləhət

17.06.2016. Göyçayda heyva ağaclarının təhlükəli xəstəliyi

2016-cı ilin yaz aylarında havaların yağışlı və rütubətli keçməsi ölkəmizdə kənd təsərrüfatı bitkilərinin bir çox göbələk xəstəlikləri ilə yoluxmasına və xəstəliklərin güclü inkişafına səbəb olmuşdur. Meyvə ağacları, o cümlədən heyva bitkisi əlverişli şərait səbəbindən fəallaşan göbələklərin təsirinə məruz qalmışlar. Dövlət Fitosanitar Nəzarət Xidməti əməkdaşları Göyçayda heyva ağaclarına fitosanitar baxış keçirib, apardıqları müyinələrdən sonra, rayonda heyva meyvələrinin Monilia cydoniae Schell. göbələyi ilə sirayətləndiyni aşkar etmişlər.

Törədici qeyri-müəyyən göbələklərin Hyphomysetales sırasına məxsus göbələkdir. Əmələ gətirdiyi xəstəlik isə “meyvə çürüməsi” adlanır. Göbələyin Monilia linhartiana Sacc., Oospora linhartiana  (Sacc.) Sumst., Peziza linhartiana Prill. və Sclerotinia linhartiana Delacr. kimi sinonim adlarına ədəbiyyatlarda rast gəlinir.

            Göbələk 75%-dən yuxarı nisbi rütubət və 20-28oC temperaturada sürətlə inkişaf edir. Ancaq damcı-su şəraiti yarandıqda sirayətlənmə baş verir. İnfeksion amil dişiciyin ağzından keçməklə və ya dolu, həşərat və s. təsirlərdən yaranan mexani zədələrdən daxil olmaqla meyvələri yoluxur. Göbələk saplaq çuxurundan da meyvəyə daxil ola bilir. Sirayətlənmədən 3-5 gün sonra meyvədə qonurlaşma müşahidə olunur. Havanın nisbi rütubəti aşağı olduqda xəstə meyvə üzərində törədicinin sporları formalaşa bilmir, yazda rütubətli və isti havalarda isə mumiyalanmış meyvələrin üzəri konidial spordaşıma yastıqcaları ilə örtülür, yastıqcalar ilkin sirayətlənmə mənbəyi rolunu oynayırlar.

            Şəraitdən asılı olaraq, xəstəlik tumurcuqların, çiçəklərin və cavan zoğların məhv olmasına səbəb olur.  Monilia cydoniae Schell. göbələyi meyvə məhsulunun 20-30% və bəzən 60-90% məhv olmasına gətirib çıxarır. Heyva meyvələri meyvə çürüməsi xəstəliyinə həm bağda, həm də anbarda saxlanma zamanı məruz qalırlar. Hər iki məkanda meyvələrin çürüməsini Monilia fructigena West. göböləyi də törənir.

Şəkil 1. Heyva ağacında Monilia cydoniae ilə yoluxmuş orqanlar

  

 

            Göycayda ilkin infeksiya mənbəyinin yüksək və yaz aylarında göbələyin inkişafı üçün əlverişli şəraitin olması, xəstəliyə qarşı mübarizə aparılmayan ağaclarda meyvə başlanğıclarının 70-85%-ə qədərinin yoluxmasına səbəb olub. Lakin, eyni ərazidə çiçəkləmədən əvvəl və sonra müvafiq fungisidlərlə çilənmiş ağaclarda meyvələrin yoluxmadığı (yoluxma 6%-ə qədərdir) aşkar olundu.

 

Heyva bitkisində meyvə çürüməsi xəstəliyi əleyhinə hansı tədbirlər həyata keçirilməlidir?

Aşağıdakı tədbirlərin ardıcıl həyata keçirilməsi məhsulun sağlam qalması üçün zəmanətdir:

1. Bağ salarkən havalanma amili nəzərdən qaçılmamalıdır; çökəklikdə heyva bağı salmaq və ağacları sıx əkmək yolverilməzdir. Çünki hava axını su damlalarını quruda bilmədiyindən, yoluxma riski yüksək olacaq.

2. Payizda xəstəlikdən qurumuş cavan budaqları, sağlam hissəni 10-15 sm əhatə etməklə, kəsilməli və eyni zamanda çürümüş və mumiyalanmış meyvələr toplayıb yandırmalıdır. Xəstə budaqlar kəsilərkən yaralar kiçik olarsa mis kuporosu məhlulu (5 litr suya 150 qr preparat qarışdırılır) ilə, iri olduqda isə bağ məlhəmi ilə işlənməlidir.

3. Xəzandan sonra yarpaqlar toplanaraq yandırılmalı, cərgə araları və stamb ətrafları bellənməli və ya şumlanmalıdır.

4. Xəstəliyin güclü inkişaf etdiyi bağlarda noyabr ayında ağaclara dəmir kuporosunun 3-4%-li və ya cidik cövhərinin 7%-li məhlullarını çiləmək faydalıdır.

5. Yazda tumurcuqlar şişməyə başladıqda ağaclar 3%-li bordo məhlulu ilə (dəmir kuporosunun 3%-li məhlulu da səmərəlidir) çilənməlidir.

6. Keçən il xəstəlik güclü inkişaf etmişdirsə, tumurcuqlar açdıqdan sonra 10 litr suya Abiqa pik preparatından 40 qram qatmaqla, ağac ikinci dədə dərmanlanmalıdır.

7. Heyva çiçəkləməmişdən 3-5 gün əvvəl 10 litr suya Xorus preparatından 3 qram qatmaqla, növbəti dərmanlama aparılmalıdır. Xorus sərin havalarda (3-10oC-də) səmərəlidir, temperatura 22oC-i ötdükdə çilənməsi məqsədəuyğun deyil.

8. Çiçəkləmə başa çatdıqdan 12-15 gün sonra 10 litr suya Skorpion və ya Skor preparatından 3 millilitr qatmaqla, ağaclar çilənməlidir.

9. Yazda çiçəkləmədən sonra xəstə çiçək, yarpaq, meyvə və zoğ olarsa, onların kəsilərək toplanması və məhv edilməsi lazım gəlir. Yaraların mis kuporosu məhlulu ilə işlənməsi unudulmamalıdır.

10. Sonuncu dərmanlamadan 12-15 gün sonra Delan (10 litr suya 6 qram) və ya Strobi (10 litr suya 2 qram) preparatlarından biri ilə çiləmə aparmaq olar. Həşərat zədələdiyi yerlərdən meyvənin əhəmiyyətli dərəcədə yoluxduğunu nəzərə alaraq, bu preparatların işçi məhlullarına meyvəyeyənlər, uzunburun böcəklər və s. əleyhinə insektisidlər də əlavə edilməlidir.

Azərbaycan şəraitində iyun ayından yağmurların, demək olar ki, dayanması, nisbi rütubətin aşağı düşməsi və temperaturanın çox yüksəlməsi xəstəliyin inkişafını məhdudlaşdırır, heyva bağlarında meyvə çürüməsi əleyhinə sonrakı dərmanlamalara ehtiyac qalmır.

Törədici əleyhinə antirezistent mübarizə sxemi təklif olunur. Ötən il güclü sirayətlənmş bağlarda dəmir və mis tərkibli (dəmir kuporosu, bordo mayesi, Abiqa pik), eləcə də təsiredici maddəsi siprodinil (Xorus), difenokonozol (Skorpion, Skor), krezoksim-metil (Strobi) və ditianon (Delan) olan müxtəli kimyəvi qruplardan olan preparatlarla 6 dəfə dərmanlama tövsiyə olunur. Bağda xəstəliyin inkişaf intensivliyindən, iqlim şəraitindən asılı olaraq, təklif olunan sxemdə dərmanlamaların sayını və sxemin elementlərini (preparatları) dəyişmək, yeniləri ilə əvəz etmək olar. Eyni kimyəvi qrupdan olan preparatı 2 dəfədən çox işlətmək, göbələkdə davamlılığın əmələ gəlməsi ilə nəticələnə bilər.

Payizda  və erkən yazda infeksiya ehtiyatı kifayət qədər məhv edilmiş, xəstəliyin yayılma və inkişaf intensivliyi yüksək olmayan bağlarda qeyd olunan preparatlarla 3 dəfə: çiçəkləmədən əvvəl, çiçəkləmədən sonra və II çiləmədən 12-15 gün sonra kimyəvi mübarizə aparmaqla, xəstəliyi iqtisadi cəhətdən hiss olunmayacaq səviyyədə saxlanaq mümkündür.

Qeyd olunan mübarizə tədbirlərinə vaxtında və düzgün əməl etməklə, əlverişsiz iqlim şəraitində belə, heyva məhsulunu qoruyub saxlamaq mümkün olacaqdır.

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45